Azərbaycanda tələbə və şagirdlərin təqaüdləri artırılıb
Azərbaycan Prezidenti İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.
Bu barədə 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Sərəncamda qeyd olunur ki, tələbələrin və şagirdlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2013-cü il tarixli 3108 nömrəli sərəncamı ilə müəyyən edilmiş təqaüdlərin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılsın.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.