Ramil Usubov: “2015-ci ildə İnterpol vasitəsilə axtarılan şəxslərin 69,1%-i tutulub”
“Ötən il “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 348 cinayət açılıb, piyadaların vurulması faktları da daxil olmaqla 11713 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 111 avtomobil saxlanılıb. Ümumən, 2014-cü illə müqayisədə cinayətlərin açılması 1,7 faiz yaxşılaşaraq hesabat dövründə 82,4 faiz təşkil edib".
1news.az-ın verdiyi xəbərə görə, bunu daxili işlər naziri Ramil Usubov nazirlikdə 2015-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına həsr olunmuş kollegiya iclasında çıxışında deyib.
O bildirib ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmin edilməsi işi də nəzarətdə saxlanılıb. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri müqayisə edilən dövrə nisbətdə 1,4 faiz çox olmaqla istintaqdan və məhkəmələrdən yayınan 2534 nəfər tutulub.
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 74 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 31 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarılan şəxslərin 69,1 faizi tutulub.
Eyni zamanda, müxtəlif cinayətlər törətmiş 13392, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2457 şəxs məhkəmə məsuliyyətinə cəlb edilib. Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizədə də həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 842-si ağır və xüsusilə ağır növlər olmaqla 2637 cinayət törətmiş 923 cinayətkar qrup zərərsizləşdirilib.
Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə qeyri-leqal dövriyyədən 71 min manat, 79100 ABŞ dolları və 225 min rubl olan 2167 ədəd saxta əskinas, habelə istifadə müddəti ötmüş 6 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb.
1news.az