Hesabat dövründə cinayətlərin yalnız 15,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib
“Hesabat ilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.916 cinayət qeydə alınıb.”
Onların 87,5 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 84,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 15,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.
1news.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu daxili işlər naziri Ramil Usubov nazirlikdə 2015-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına həsr olunmuş kollegiya iclasındakıçıxışı zamanı deyib.
2014-cü illə müqayisədə qəsdən adam öldürmələr 7,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 6,7 faiz, xuliqanlıqlar 4,5 faiz, avtonəqliyyatın qaçırılması 26,6 faiz, mal-qara oğurluqları 17,1 faiz, yetkinlik yaşına çatmayanların cinayətləri 2,4 faiz, ictimai yerlərdə baş vermiş cinayətlər 2 faiz, yol-nəqliyyat hadisələri 15,7 faiz, qəzalarda ölənlərin sayı 20,5 faiz, yaralananların sayı 15,4 faiz azalıb.
Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürmələrin açılması 9 faiz (98,2 faiz), qəsdən adam öldürməyə cəhdlərin açılması 7,5 faiz (93,8 faiz) yaxşılaşıb. Banditizm, adam oğurluğu, əzab vermə, zorlama cinayətlərinin açılması tam təmin edilib. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 344 cinayət açılıb.
Cinayətlərin profilaktikasında, zərər çəkmiş şəxslərin hüquqlarının, həyat və sağlamlığının müdafiəsində informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olub. “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 1.280 cinayətin “isti izlərlə” açılması təmin edilib. Bununla yanaşı, vətəndaşların “102” xidmətinə müraciətləri üzrə görülmüş çevik cavab tədbirləri ilə 10.687 hüquqazidd əməlin qarşısı alınıb.
1news.az