Qarlı hava Heydər Əliyev adına Beynəlxalq Hava Limanının işinə təsir etməyib
25-26 yanvar tarixlərində Bakıya yağan qar Heydər Əliyev adına Beynəlxalq Hava Limanının fəaliyyətinə təsir etməyib.
Bu haqda 1news.az-a “Azərbaycan hava Yolları” (AZAL) QSC-nin prezident köməkçisi Paşa Kəsəmənski məlumat verib.
Hava şəraiti pis olsa da, hava limanı adi iş rejimində işləyir.
“Reyslərin yola salınması və qəbulu qrafik üzrə həyata keçirilir”,- P.Kəsəmənski deyib.
AZAL nümayəndəsi qeyd edib ki, hava limanında uçuş xətləri və yönəldici yollar qardan təmizlənir, donmaya qarşı reagentlərlə işlənir.
Bundan əlavə təyyarələr də, donmaya qarşı maddə ilə silinir.
Qeyd edək ki, 24 yanvar tarixindən etibarən Azərbaycanda hava şəraiti kəskin pisləşib, yağış, sulu qar,qar yağıb. Bəzi ərazilərdə yağıntılar intensiv olub.
25-26 yanvarda Bakı və Abşeron rayonuna qar yağıb. Hazırda, arabir güclənən şimal-qərb küləyi müşahidə olunur.
1news.az