Aydın Əliyev: "İdxal edilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə yenilik tətbiq olunub "
"Ötən il ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 1 milyard 590 milyon manat proqnoza qarşı, faktiki olaraq 1 milyard 591,91 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 100,12 faiz yerinə yetirilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 81,1 milyon manat və ya 5,4 faiz çoxdur".
1news.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev APA-ya müsahibəsində deyib.
A. Əliyev qeyd edib ki, Ötən il gömrük işi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən işlər həyata keçirilib. O cümlədən, ayrı-ayrı hissələr şəklində gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçirilən zaman prosedur qaydalarını nizama salan “Komplekt (hissələr şəklində) halda və ya formada gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə dair Metodiki Tövsiyə” sənədi, gömrük sərhədindən keçirilən malların müəyyən səbəblərdən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi mümkün olmadıqda, həmin malların tam gömrük rəsmiləşdirilməsi başa çatanadək malların müvəqqəti saxlanca götürülməsi işini nizama salmaq məqsədilə “Malların müvəqqəti saxlanca götürülməsinə dair akt” forması, Gömrük Məcəlləsi və onun tətbiqi ilə bağlı normativ-hüquqi aktlardan irəli gələrək, gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin yerinə yetirilməsi zamanı sənədləşdirmə işlərinin yerinə yetirilməsini təmin etmək məqsədilə nümunəvi Protokol forması və s. işlənərək Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamları ilə təsdiq edilib.
Gömrük nəzarətinin təşkili üzrə mühüm tədbirlərdən biri - “Sadıxlı-Mtkvari” sərhəd-gömrük buraxılış məntəqəsinin imkanlarının daha da yaxşılaşdırılması, iş şəraitinin daha da gücləndirilməsi, eləcə də yaxın ərazidə yeni sərhəd buraxılış məntəqəsinin inşa olunması məsələlərinin müzakirəsi məqsədilə 2015-ci ilin iyulunda keçirilən Azərbaycan və Gürcüstan gömrük orqanlarının nümayəndə heyətlərinin görüşüdür.Dövlət Sərhəd Xidməti nümayəndəsinin də iştirakı olmaqla Tovuz Gömrük İdarəsində baş tutan görüşdə “Sadıxlı-Mtkvari” buraxılış məntəqəsinin iş rejimi və nəqliyyat vasitələrinin buraxılış imkanları, eyni zamanda, Azərbaycan-Gürcüstan arasında mövcud olan sərhəd-gömrük buraxılış məntəqələrinin fəaliyyətlərinin uzlaşdırılması və digər məsələlər müzakirə edilib.
2015-ci ildə Azərbaycan iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması məqsədilə qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə istiqamətində də məqsədyönlü tədbirlər görülüb. Ötən dövr ərzində gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti əsasən qabaqcıl dünya təcrübəsinə əsaslanan metodların tətbiqi, əməliyyat-axtarış və qabaqlayıcı-profilaktik tədbirlərin gücləndirilməsi, habelə hüquqpozmalara qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi yolu ilə Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, qaçaqmalçılıq kanallarının aşkar və ləğv olunmasına, hüquqpozma törətmiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsinə yönəlib.
2015-ci ildə gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9206 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 574-ü cinayət xarakterli faktlar olmuş və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 milyon 163 min 100 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 633 nəfərin (553 Azərbaycan vətəndaşı, 80 xarici) barəsində müvafiq tədbirlər görülüb.
Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2015-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 213 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 91 kq-dan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorları, o cümlədən 5 kq 552 qram tiryək, 42 kq 250 qram marixuana, 29 kq 574 qram həşiş, 12 kq 248 qram heroin, 331 qram metadon, 57,185 qram kokain, 103,706 qram metamfetamin, 200 həb tilidin, 60 həb və 1,935 qram alprazolam, 46 qram fenobarbital, 12,714 qram klonazepam,1 kq 282 qram kalium permanqanat və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Ötən il narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 250 nəfər: 220-si kişi və 30-u qadın olmaqla 213 Azərbaycan vətəndaşı və 37 xarici (33 İran, 3 Ukrayna, 1 Rusiya vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 30 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.
Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar müxtəlif gizlətmə üsullarından istifadə ediblər. Ötən il 69 halda narkotik vasitələrin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınıb.
Hesabat dövründə kinoloji xidməti itlərin tətbiqi nəticəsində 19 fakt üzrə ümumilikdə 210,927 qram tiryək, 51,98 qram həşiş, 737,37 qram marixuana, 1 kq 850 qram heroin, 1,553 qram metadon, 0,405 qram metamfetamin, 46 qram fenobarbital aşkar olunub.
Keçən il gömrük orqanları tərəfindən aşkar olunmuş 8632 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 349 hüquqi şəxs (o cümlədən 211 xarici hüquqi şəxs) və 8291 fiziki şəxs (o cümlədən 4669 xarici) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 1 milyon 615 min 172 manat cərimə tətbiq olunmaqla, dəyəri 367 min 048 manat olan mallar müsadirə edilib.
“Valyuta tənzimi haqqında” qanuna və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 863412 ABŞ dolları, 59700 avro, 4000 funt sterlinq, 10737400 rus rublu, 129907 manat dəyərində qızıl-zinət əşyaları, 1312 manat dəyərində 767,290 qram gümüş aşkar olunub.
Bundan əlavə, 553353 ədəd və 115764 qutu petarda və digər pirotexnika məhsulları, 93 ədəd elektroşoker, 1 ədəd odlu silah, 63 ədəd odlu silah patronu, 1827 ədəd ov silahlarının sursat və ləvazimatları, 4 ədəd qaz silahı, 99 ədəd pnevmatik silah və 42551 ədəd pnevmatik silahın patronları, 257 ədəd soyuq silah, 63565 qram partlayıcı maddələr, 897 ədəd televizor, 184309 manat dəyərində 4887 ədəd məişət texnikası, 1130 ədəd mobil telefon və 1702 ədəd mobil telefonların aksessuarları, 9855 manat dəyərində olan dərman vasitələri, 3173 manat dəyərində baytarlıq və bitki dərmanları, 42 kq-dan çox kürü, 1246 ədəd parfümeriya və kosmetika ləvazimatları və külli miqdarda digər mallar tutulub.
Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün qəti tədbirlər görülmüş, aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 2311095 ədəd xaricdə istehsal olunan siqaret, 2332 litr və 1695 ədəd spirtli içki saxlanılıb.
Komitə sədri qeyd edib ki, ötən il gömrük qadalarının asanlaşdırılması sahəsində mühüm addımlar atılıb.
A.Əliyev qeyd edib ki, "Yeni tətbiq olunan xidmət "vətəndaş- məmur" ünsiyyətini minimuma endirəcək, həmçinin, vətəndaşların gömrük-qəbul məntəqələrində vaxt itkisinin qarşısı alınacaq".
A.Əliyev həmçinin qeyd edib ki, bu yenilik məhsulların və nəqliyyat vasitələrinin daha sürətlə daşınmasına imkan yaradacaq.
1news.az