Azərbaycanda quşçuluğun inkişafı məsələləri müzakirə olunub
İqtisadiyyat Nazirliyində nazir Şahin Mustafayevlə quşçuluq təsərrüfatlarının rəhbərləri ilə görüş keçirilib.
1news.az-ın məlumatına görə, nazir Ş.Mustafayev bildirib ki, ötən gün keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı digər sahələrlə yanaşı, quşçuluğun inkişafı, quş əti istehsalının artırılması, istehsalda xarici komponentlərin azaldılması və beləliklə maya dəyərinə xarici təsirlərin minimuma endirilməsi, tələbatın yerli istehsal hesabına tam ödənilməsi və ixrac edilməsi barədə tapşırıqlar verib.
Görüşdə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası üçün görülməsi zəruri olan tədbirlərlə bağlı müzakirələr aparılıb.
Quşçuluq müəssisələrinin nümayəndələri toyuq əti və yumurtanın maya dəyərinə təsir edən əsas amillər - dərman preparatları və vaksinləri, yem bazasının artırılması üçün əlavə torpaq sahələrinin ayrılması və s. barədə təkliflərini bildiriblər.
Görüşdə səsləndirilən təkliflərin qısa müddətdə öyrənilməsi və həyata keçirilməsi imkanlarının araşdırılması qərara alınıb.
1news.az