“Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” qanunda dəyişiklik edilib
Milli Məclis “Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının 1992-ci il 7 iyul tarixli 201 nömrəli Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 13, maddə 492; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 141) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qanunla təsdiq edilmiş “Qızıl Ulduz” medalının təsviri”ndə:
1.1. ikinci hissənin ikinci cümləsində “nömrəsi” sözündən əvvəl “seriyası və” sözləri əlavə edilsin;
1.2. üçüncü hissədə:
1.2.1. birinci cümlədə “ilgək və halqa vasitəsilə ölçüsü 27 mm x 20 mm” sözləri “ilgək, halqa və 40 mm enində üçkünc element vasitəsilə ölçüsü 37 mm x 50 mm” sözləri ilə əvəz edilsin, “beşkünc” sözü çıxarılsın;
1.2.2. ikinci cümlədə “qızıl suyuna çəkilmiş” sözləri “qızıldan” sözü ilə əvəz edilsin;
1.3. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:
“Medala paltara bərkidilmək üçün elementi olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən, ölçüsü 37 mm x 10 mm olan qəlib əlavə olunur. Qəlibin üzərində 5 mm ölçüdə, qızılı rəngli ay və ulduz təsvir olunmuş dairəvi element vardır.”.
2. Həmin Qanunla təsdiq edilmiş Azərbaycanın Milli Qəhrəmanının “Qızıl Ulduz” medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.
Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 65-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 65-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 yanvar 2016-cı il.
1news.az