Sumqayıtda dayanacaqlarda kitab rəfləri quraşdırılacaq
Sumqayıt Gənclər Evində “Kitab oxuma dayanacağı” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir təşkil olunub.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Dövlət Universitetinin tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən bildirilib ki, layihə rəhbəri İman Ağayev tədbirdə çıxış edərək, son illər ölkəmizdə poliqrafik baxımdan keyfiyyətli, mövzu aktuallığına görə dəyərli kitabların nəşr olunduğunu bildirib. O, kitab sənayesinin yeni nailiyyətlər qazandığını və mütaliə edən gənclərimizin sayının artdığını qeyd edib.
Layihə koordinatoru Leyla Ağayeva isə əsas məqsədin kitaba marağı artırmaqdan ibarət olduğunu bildirib.
Layihə çərçivəsində təşkil olunan kitab sərgisində gənclər həm mütaliə üçün yeni kitablar əldə edib, həm də oxuduqları kitabları dayanacaqlarda quraşdırılacaq rəflərə yerləşdirmək məqsədilə təhvil veriblər.
1news.az