Maliyyə naziri: “Azərbaycan beynəlxalq maliyyə institutlarından kredit cəlb etmək niyyətində deyil”
“Hal-hazırda Azərbaycanın beynəlxalq maliyyə institutlarından kredit cəlb etməyə ehtiyacı yoxdur”.
Bunu cümə axşamı keçirilən mətbuat konfransında Beynəlxalq Valyuta Fondundan Azərbaycana 4 milyard dollar kreditin cəlb olunması haqqında informasiyanı şərh edərkən AR maliyyə naziri Samir Şərifov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hal-hazırda ölkənin valyuta rezervləri kifayət qədər yüksək səviyyədədir.
“Azərbaycanın kreditə ehtiyacı yoxdur. Əksinə, ölkə özü kreditor rolunda çıxış edir. Bu baxımdan Azərbaycanın 4 milyard dollar həcmində kredit cəlb etməsi xəbəri həqiqətə uyğun deyil və ölkənin imicinə zərbə vurur. Bu investisiya qoyuluşuna da mənfi təsir edir. Bu gün Fond bazarında olan vəziyyətlə tanış oldum və gördüm ki, Azərbaycanın avrobondlardakı spredləri kredit cəlb olunması xəbər çıxdıqda aşağı düşüb”,- S.Şərifov deyib.
Bununla yanaşı o qeyd edib ki, Beynəlxalq Valyuta Fondu kifayət qədər valyuta rezervi olan ölkələrə kredit vermir.
“Bir həftə əvvəl Dünya Bankının Azərbaycandakı missiyası başa çatıb.3-4 fevral tarixində BVF missiyasının Bakıya gələcəyi gözlənilirdi. Lakin ölkə rəhbərliyinin xahişi ilə Fondun nümayəndələri tez gələcək. Bunun səbəbi Cənub qaz dəhlizinin istiqrazlarının “road-show”-nun fevralın ilk günlərində keçirilməsi ilə əlaqədardır”, - maliyyə naziri deyib.
O, həmçinin bildirib ki, “beynəlxalq maliyyə qurumları ilə məsləhətləşmələr standart xarakter daşıyır”
“Onlar “Financial Times”da qeyd olunan məzmuna malik deyil”,- Şərifov bildirib.
Nazir qeyd edib ki, hazırda BB, BVF və AİB ilə müzakirə predmeti olan bir sıra məsələlər var. O cümlədən, Azərbaycanın bank bazarındakı vəziyyət ( konsolidasiya daxil olmaqla), əhalinin əmanətlərinin 100 faiz 3 il müddətinə sığortalanması, biznes iqliminin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin həyata keçirməyə mane olan bürokratik əngəllərin aradan qaldırılması və s. daxildir.
Onun sözlərinə görə il ərzində Azərbaycanın milli valyutası manatın məzənnəsi ABŞ dollarına nisbətdə ikiqat və neftin dünya bazarında qiyməti isə 4 dəfə düşüb.
“Təbii ki, bunlar Azərbaycan iqtisadiyyatına təsir edir və Azərbaycan hökuməti beynəlxalq maliyyə institutları ilə məsləhətləşmələri davam etdirməkdə maraqlıdır”, -deyə, S.Şərifov qeyd edib.
1news.az