Fevralın əvvəlində hökumətə 2016-cı il üçün dövlət büdcəsinə dəyişikliklərlə bağlı layihə təqdim ediləcək
2016-cı il üçün Azərbaycan dövlət büdcəsinə dəyişiklik edilməsilə bağlı layihə hökumətə fevral ayının ilk günlərində təqdim ediləcək.
1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, yenidən baxılmış büdcədə gəlir və xərclər hissəsi 2 milyard manat artırılıb:
“2016-cı ilin təsdiq olunmuş büdcəsində büdcə gəlirləri 14,5 milyard manat nəzərdə tutulmuşdusa, dürüstləşmiş büdcədə gəlirlər 16,5 milyard manat səviyyəsində nəzərdə tutulub. Dürüstləşmədən sonra 2016-cı ilin dövlət büdcəsində 1,7 milyard manatlıq kəsir yaranacağı gözlənilir. Biz bu kəsirin örtülməsi imkanlarını tapmalıyıq. 2015-ci ilin dövlət büdcəsinin icrası zamanı vahid xəzinə qalığı 1,4 milyard manat məbləğində olub. Bu vəsaiti bu ilin dövlət büdcəsi kəsirinin örtülməsinə yönəldirik. Eyni zamanda, bu ilin dövlət büdcəsinin kəsiri dövlət borc kağızları, özəlləşdirmədən mədaxil və xarici qrantlar hesabına örtüləcək”.
Daha əvvəl S.Şərifov bəyan etmişdi ki, 2015-ci ilin yekunlarına görə, 1,4 milyard manat xəzinə qalığı yaranıb:
“Dünya iqtisadiyyatında baş verən prosesləri, 2014-cü ildə neftin ucuzlaşmağa başlaması və 2015-ci ildə də davam etdiyini nəzərə alaraq neftin büdcə xərclərində bəzi ixtisarların edilməsinə başlanılıb. Bu addımların atılması nəticəsində Azərbaycan Dövlət Neft Fondunun xarici valyuta ehtiyatlarının 2,2 milyard ABŞ dolları məbləğində qənaətinə nail olmuşuq”.
Eyni zamanda nazir bildirib ki, 2016-cı ilin dövlət büdcəsində dürüstləşmə aparılıb, neftin baza qiyməti 25 dollardan götürülüb:
“Bu, mühafizəkar bir yanaşmadır. Neftin qiymətinin 25 dollardan aşağı düşməsi iqtisadi məntiqə ziddir. Bununla yanaşı, 2016-cı ilin ikinci yarısında neftin bahalaşmasını istisna deyil”.
Maliyyə Nazirliyi 2016-cı ildə dövlət əmlakının özəlləşdirilməsindən 100 milyon manat əldə etməyi gözləyir. Həmin vəsait büdcə kəsirinin qarşılanmasına ayrılacaq, deyə nazir diqqətə çatdırıb.
“2016-cı ilin yenilənmiş dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar təsdiq olunmuş büdcədə nəzərdə tutulduğundan təxminən 200 milyon manat az olacaq. Bu ilin dövlət büdcəsində Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar təsdiqlənmiş büdcədə nəzərdə tutulduğundan təxminən 200 milyon manat çox olacaq”, - deyə nazir əlavə edib.
1news.az