Prezident GUAM-a üzv olan dövlətlərin gömrük qurumları arasında protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə GUAM-a üzv olan dövlətlərin gömrük qurumları arasında protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb.
Bu barədə 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Fərmanda deyilir:
1. GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında 2015-ci il iyulun 8-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın Katibliyinə bildiriş göndərsin.