İlham Əliyev Dövlət Sosial Müdafiə Fondu ilə bağlı Protokolu təsdiq edib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokolun təsdiq edilməsi barədə Fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında 2015-ci il noyabrın 28-də Minsk şəhərində imzalanmış Protokol təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətinə bildiriş göndərsin”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 yanvar 2016-cı il.
1news.az