Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akçanı qəbul edib.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Dövlətimizin başçısı Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə çox yaxşı ikitərəfli əlaqələrinin, o cümlədən siyasi və iqtisadi əməkdaşlığının əhəmiyyətini vurğulayaraq ölkəmizin bu əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu dedi.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq etdiyini bildirən Prezident İlham Əliyev təşkilatın iki sammitinin ölkəmizdə keçirilməsinin önəmini qeyd etdi.
Dövlətimizin başçısı dünyada iqtisadi çətinliklərin və böhranın hökm sürdüyü bir vaxtda təşkilatın üzv dövlətləri arasında iqtisadi əməkdaşlığın əhəmiyyətli olduğunu dedi.
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akçanın ölkəmizə səfərinin təşkilatın fəaliyyətinin gələcək planları ilə bağlı müzakirələrin aparılması üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olduğunu vurğulayan baş katib Xəlil İbrahim Akça rəhbərlik etdiyi təşkilatın ölkəmizdə keçirilən sonuncu sammitini məmnunluqla xatırladı.
Görüşdə Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
1news.az