Səfər Mehdiyev: “Hökumətlə gömrük rüsumlarının artırılması ilə bağlı iki istiqamətdə iş aparırıq”
“Hazırda gömrük rüsumlarının artırılması ilə bağlı iki istiqamətdə hökumətlə iş aparırıq”.
1news.az-ın verdiyi xəbərə görə, bu sözləri bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi (DGK) rəhbərliyinin iştirakı ilə “2015-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda mətbuat konfransı zamanı Komitə sədrinin birinci müavini Səfər Mehdiyev bildirib:
Komitə sədrinin sözlərinə görə, dövlət büdcəsinin bugünkü vəziyyətini nəzərə alaraq iqtisadi blokla görüşlərimiz davam edir:
“Dürüstləşmə ilə bağlı gömrük orqanları qarşısında dayanan plan proqnozunun yerinə yetirilməsi və bu plan proqnozunun hansı səviyyəyə gətirilməsi ilə bağlı son qərar hələ verilməyib. Ancaq idxal olunan mallara tətbiq olunan vergi siyasətində də dəyişikiklər olacaq. Ola bilsin ki, gömrük orqanlarının plan proqnozunun artırılması istiqamətində təkliflər olsun. Biz bunları dəyərləndirəcəyik”.
S.Mehdiyevgömrük rüsumlarının artırılması ilə bağlı bildirib ki, bu istiqamətdə iş aparılır:
“Hazırda gömrük rüsumlarının artırılması ilə bağlı iki istiqamətdə hökumətlə iş aparırıq. Öz təkliflərimizi artıq Nazirlər Kabinetinə təqdim etmişik. Burada sadəcə vergilərin artırılmasından söhbət getmir. Burada iki istiqamətdə iş aparılır. Birincisi, daxili bazarı qorumaq üçün idxal olunan mallar üçün vergilərin artırılması, eyni zamanda daxili bazarda istehsal təyinatlı malların, xam materialların istehsalının genişləndirilməsi istiqamətində bəzi xammalların rüsumlarının aşağı salınması.
Məlum olduğu kimi, bu gün tətbiq olunan gömrük tarifləri son olaraq 2012-ci ildə təsdiq olunub. Bugünki iqtisadi potensialımızı, yerli istehsalatın şaxələnməsini nəzərə alaraq bəzi tariflərin qaldırılması, bəzi tariflərin isə aşağı salınması labüddir. Bu məsələyə bütün ölkələrdə bir ildən bir, iki ildən bir baxılır və biz də bu məsələyə baxacağıq. Burada əsas məqsəd daxili bazarın qorunmasıdır”.
1news.az