Ermənistan əhalisinin sayı qırx il əvvəlki səviyyədədir
Ermənistan əhalisinin sayı son 40 ildə əsaslı surətdə azalıb.
Bu ölkənin Milli Statistika Xidmətinin məlumatına görə, 2016-cı il yanvarın 1-nə ölkə əhalisinin sayı 2 milyon 998 min 600 nəfər olub. Qurumun hesabatında deyilir ki, 1977-ci ildə Ermənistan əhalisinin sayı 2,9 milyon nəfər olub. Sonrakı illərdə bu rəqəm bir qədər artsa da, 2015-ci ildə yenidən 40 il əvvəlki səviyyəyə enib.
Son bir ildə əhalinin 12 min, beş ildə 35 min, 1991-ci ildən bu günədək isə 634,7 min nəfər azalma qeydə alınıb. Ötən il ölkədə 41 min 815 uşaq dünyaya gəlib. Bu da 2014-cü illə müqayisədə 2,8 faiz azdır. Ölüm sayı isə 2015-ci ildə 27 min 835 nəfər və ya 0,4 faiz çox olub. Məlumatda, həmçinin bildirilir ki, 2015-ci ildə 17 min 603 ailə qurulub. Bu, 2014-cü illə müqayisədə 6,9 faiz azdır. Ötən il ərzində 3669 boşanma faktı qeydə alınıb.
Ekspertlərin fikrincə, əhalinin sayının azalmasına əsasən Ermənistanın başladığı müharibə, ölkədəki iqtisadi tənəzzül və əmək miqrasiyası səbəb olub.