İstanbulda Azərbaycan və Türkiyənin turizm sənayesi nümayəndələrinin görüşü olub - FOTO
İstanbulda Azərbaycan Respublikası Mədəniyyət və Nazirliyi və Türkiyə Səyahət Agentlikləri Birliyinin birgə təşkilatçılığı ilə iki ölkənin turizm sənayesi nümayəndələrinin görüşü baş tutub.
Türkiyənin İstanbul şəhərində keçirilən "EMİTT 2016" beynəlxalq turizm sərgisi çərçivəsində 29 yanvar 2016-cı il tarixində Azərbaycan və Türkiyənin turizm sənayesi nümayəndələri arasinda B2B formatında işgüzar görüş və Azərbaycanın turizm potensialının təqdimatına həsr olunmuş tədbir keçirilib.
1news.az Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Turizm şöbəsinin müdiri Aydın İsmiyevin iştirakı ilə ölkəmizin 24 turizm şirkəti təmsil olunub.
Türkiyə tərəfindən görüşdə TÜRSAB təşkilatının rəhbəri Başaran Ulusoy və baş katibi Çətin Gürçinin rəhbərliyi ilə 70-ə yaxın turizm şirkətinin nümayəndələri iştirak edib.
Görüşdə açılış nitqi ilə çıxış edən Başaran Ulusoy iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini, turizm sənayesi nümayəndələri arasında təcrübə mübadiləsinin və qlobal iqtisadi böhran şəraitində birgə əməkdaşlığın vacibliyini qeyd etdi. Öz növbəsində Aydın İsmiyev bu görüşün turizm sənayesi üçün əhəmiyyətini və Azərbaycana turist axının artırılmasında Türkiyə təcrübəsindən istifadənin əhəmiyyətini vurğuladı.
Daha sonra Azərbaycanın turizm potensialının təqdimatına həsr olunmuş video təqdimat nümayiş etdirildi. Hər iki ölkənin turizm şirkətlərinin böyük maraq göstərdiyi tədbir işgüzar görüşlər formatında davam edib.
1news.az