BANM-nın rektoru Yeni Azərbaycan Partiyası tərəfindən təltif olunub
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin 2 Fevral - Gənclər Günü münasibətilə keçirdiyi təntənəli mərasimdə ölkəmizin ictimai-siyasi həyatında fərqlənən gənclər mükafatlandırılıblar. Onların arasında Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da var.
Bu haqda BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən1news.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – icra katibi Əli Əhmədov rektor Elmar Qasımova mükafatı təqdim edib.
Xatırladaq ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu gənclər siyasətinə həsr edilmiş “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” videoçarxı və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin 2015-ci il ərzində fəaliyyətinə həsr edimiş videoçarx nümayiş olunub. Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək YAP Gənclər Birliyinin üzvlərini, eləcə də bütün ölkə gəncliyini Gənclər Günü münasibətilə təbrik edib.
Milli Məclis sədrinin I müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov, Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu gənclər siyasətindən, gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakından, YAP Gənclər Birliyinin uğurlu fəaliyyətindən bəhs ediblər. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin fəal üzvləri tədbirdə çıxış edərək bu gün ölkəmizdə uğurla davam etdirilən gənclər siyasətindən, dövlətin gəncliyin inkişafına qayğısından söz açıblar.
1news.az