Avropa İnvestisiya Bankı TANAP-a 1 milyard avro ayırmağı planlaşdırır
Avropa İnvestisiya Bankı (EIB) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 1 milyard avro vəsait ayıra bilər.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə EIB-in direktorunun müavini Pim Van Ballekom məlumat verib. O, deyib:
“Məqsədimiz “Botaş” şirkəti vasitəsilə layihəyə dəstək olmaqdır. Çünki Dünya Bankı da bu layihəyə maliyyə vəsaiti ayırmağı planlaşdırır. EIB-in həmin bu vəsaitinin aprelin sonuna kimi təsdiq olunması və ilk ödənişin isə avqustun sonunadək həyata keçirilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri (CQBK) və TAP boru kəmərinə birləşərək “Cənub qaz dəhlizi”nin əsas hissəsini təşkil edən TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı nəql edəcək TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq.
Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir:
“Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) – 58%, “Botaş” – 30% və BP şirkəti – 12%.
1news.az