Naxçıvanda “Əbədi ezamiyyət” sənədli filminin təqdimat mərasimi olub
Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Əbədi ezamiyyət” sənədli filminin təqdimat mərasimi olub.
Bu haqda 1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, təqdimat mərasimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının rəhbəri Canməmməd Canməmmədov çıxış edərək bildirib ki, bu gün muxtar respublikada ilk dəfə olaraq Heydər Əliyev Fondunun dəstəyi, layihə rəhbəri Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Əbədi ezamiyyət” sənədli filminin nümayişi olacaq. Vurğulanıb ki, bugünkü tədbirdə filmin yaradıcı heyətindən ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rejissoru Fariz Əhmədov və filmin məsləhətçisi, həmçinin baş rolun ifaçısı Tahir Əliyev də iştirak edir.
Filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirən ssenari müəllifi Müsəllim Həsənov bildirib ki, “Əbədi ezamiyyət” filmi 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin kəşməkəşli taleyindən bəhs edir.
Qeyd olunub ki, yaradıcı heyət filmin hazırlanması üçün il yarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb.
Müsəllim Həsənov “Əbədi ezamiyyət” sənədli filminin təqdimat mərasiminin Naxçıvanda keçirilməsində göstərilən dəstəyə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
Sonra filmə baxış olub.
Sənədli film izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin, AMEA Naxçıvan Bölməsinin, mədəniyyət müəssisələrinin əməkdaşları, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının üzvləri, muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
1news.az