Göyçayda ilk dəfə olaraq kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda ilk dəfə olaraq kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil edilib

19:46 - 06 / 02 / 2016
Göyçayda ilk dəfə olaraq kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil edilib

Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk dəfə kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkası keçirilib.

Rayonda süni qiymət artımın qarşısının alınması məqsədilə Göyçay şəhərinin mərkəzi küçəsində təşkil edilən yarmarkada 10-a yaxın yerli istehsal müəssisəsi və şirkət alıcılara bazar qiymətindən aşağı ərzaq malları, un, quş əti, yumurta, balıq və digər kənd təsərrüfatı məhsulları təqdim ediblər. Həmçinin 100-ə yaxın kəndli özünün yetişdirdiyi meyvə-tərəvəz və süd məhsullarını, mal və qoyun ətini, bal və bostan məhsullarını yarmarkaya çıxarıb.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev yarmarkanın gedişatı ilə tanış olub.

Göyçaylılar satış-yarmarkanın təşkilindən və qiymətlərin sərfəli olmasından razılıq ediblər.

Rayon icra hakimiyyətinin şöbə müdiri Rəşad Şükürov AZƏRTAC-a bildirib ki, yarmarkada gün ərzində satışa 1 ton mal əti, 800 kiloqram qoyun əti, 2 ton meyvə, 3 ton tərəvəz, 2 ton bostan məhsulları çıxarılıb. Yarmarkada alıcılara çəkisi 50 kiloqram olan bir kisə un 21 manata, bir ədəd yumurta 12 qəpiyə, ev quşları 3 manat 50 qəpiyə, bir kiloqram mal əti 5 manata, bir kiloqram qoyun əti 6 manata, bir kiloqram balıq 2-3 manata təqdim edilib. Qiymətlər bazarla müqayisədə 30 faiz ucuz olub. Göyçayda kənd təsərrüfatı məhsullarının satışı-yarmarkası ənənəvi olaraq hər həftənin şənbə günü təşkil ediləcək.

Qeyd edək ki, Göyçayda növbəti yarmarkaya ətraf rayonların istehsal müəssisələri və kəndli fermerləri də cəlb olunacaq.

Paylaş:
688

Son xəbərlər

Sabahın hava proqnozu

18 / 07 / 2025, 12:29
Bütün xəbərlər