Dünya Bankının təmsilçisi: “Neft gəlirlərindən asılı vəziyyətə düşməmək üçün iqtisadiyyatın şaxələndirilməsi vacibdir”
“Dünyada çətin iqtisadi şəraitə baxmayaraq ötən ilin birinci yarısında Azərbaycan ciddi iqtisadi artıma nail olub”.
1news.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı V Vergi Forumunda Dünya Bankının Azərbaycan üzrə ölkə təmsilçisi Larisa Leşenko deyib.
Onun sözlərinə görə, 2015-ci ilin birinci yarısında Azərbaycanda 5,7% iqtisadi artım qeydə alınıb: “Ötən ilin ikinci yarısında da iqtisadi artım tempi davam edib. Amma daha az sürətlə. Bütövlükdə isə qeyri-neft sektoru neft sektoru ilə müqayisədə daha sürətli templə artıb. Bu da təqdirəlayiq bir haldır. Qeyri-neft sektorunun ÜDM-də payının yüksəlməsi bir daha onu göstərir ki, iqtisadi siyasət düzgün istiqamətdə təşəkkül tapır”, - deyə L. Leşenko qeyd edib.
L. Leşenko əlavə edib ki, Dünya Bankının hesablamalarına görə, yaxın gələcəkdə dünya bazarında neftin qiyməti aşağı olaraq qalacaq. Onun sözlərinə görə, Dünya Bankı qlobal qeyri-müəyyən şəraitdə, neftin ucuzlaşdığı bir vaxtda Azərbaycana dəstəyini davam etdirəcək: “Bu baxımdan neft gəlirlərindən asılı vəziyyətə düşməmək üçün, dayanıqlığının artırılması üçün iqtisadiyyatın şaxələndirilməsi vacibdir. Biz daxili və kənar risklərə qarşı müqavimətini artırmalıyıq. Çətin zamandır, amma çətin şərait dayanıqlı inkişaf üçün yeni imkanlar yaradır”, - deyə L. Leşenko bildirib.
L.Leşenko qeyd edib ki,“neftin aşağı qiyməti uzunmüddətli tendensiyadır”.
“Dünya Bankının hesablamalarına görə neftin qiyməti bir müddət aşağı səviyyıdı qalacaq. Ona görə də Azərbaycan uzunmüddətli perspektiv üçün iqtisadiyyatın inkişafını təmin etməlidir.
Onun sözlərinə görə, ölkədə vergi sisteminin inkişafı və vergi intibatçılığının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
“Belə ki, Azərbaycanda illik dövriyyəsi 200 min manatı aşmayan biznes-strukturlar üçün sadələşdirilmiş vergi sistemi tətbiq olunub. Belə addımlar, həmçinin, vergi sisteminin və iqtisadiyyatın qeyri-neft sekrotunun gələcək inişafına hesablanıb”.
1news.az