Maliyyə Nazirliyində Apellyasiya Şurası yaradıldı
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.
Bu haqda 1news.az Maliyyə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir.
Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Şuraya maliyyə nazirinin müavini Azər Bayramov sədr təyin olunub.
7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin aparatının şöbə müdirləri, katibliyə isə nazirliyin məsul əməkdaşları daxildir.
Qeyd edək ki, Apellyasiya Şurası Bakı şəhəri Səməd Vurğun küçəsi 135 ünvanında – Maliyyə Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcək.
1news.az