Xalq artisti Rauf Atakişiyevin anadan olmasının 90 illiyinə həsr edilən xatirə gecəsi keçirilib – FOTO
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli müğənni, Xalq artisti, professor, pedaqoq Rauf Atakişiyevin anadan olmasının 90 illiyinə həsr olunan xatirə gecəsi keçirilib.
1news.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə qonaqlar unudulmaz sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar. Daha sonra onun sənət fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Gecədə Xalq artistləri Yalçın Adıgözəlov və Rauf Abdullayevin bədii rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edib. Konsertdə bir sıra dünya bəstəkarlarının musiqi əsərlərindən kompozisiyalar səsləndirilib.
1915-ci il iyulun 15-də Göyçayda dünyaya gələn sənətkar uzun müddət Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, eyni zamanda, 45 il Azərbaycan Dövlət Konservatoriyasının kafedra müdiri vəzifəsində çalışıb. Azərbaycanda tanınmış ifaçılar nəslinin yetişdirilməsində əvəzsiz rola malik olan R.Atakişiyev 1994-ci il fevralın 3-də vəfat edib.
Lirik-dramatik tenor səsə malik olan sənətkar teatrda Əsgər (“Arşın mal alan”), Faust (“Faust”), Qraf Almaviva (“Sevilya bərbəri”, Coakkino Rossini), Knyaz Sinoda (“Demon”, Anton Rubinşteyn), Hofman (“Hofmanın nağılları”, Jak Offenbax), Malxaz (“Daisi”, Zaxari Paliaşvili), Alfred (“Traviata”, Cüzeppe Verdi), Edmond (“Kornevil zəngləri”, Rober Plaket), Anatoli (“İnsanın taleyi”) və. s partiyalarını ifa edib.
Unudulmaz sənətkar dünyada məşhur olan “Mən bir qıza rast gəldim” (“Ya vstretil devuşku”) mahnısının ilk ifaçısıdır.
1news.az