AYİB prezidenti: "Biz Azərbaycanda aparılan islahatları dəstəkləyirik, atılan addımlar çox əhəmiyyətli və müsbətdir"
Məlumat verildiyi kimi, Londona səfəri çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev AYİB prezidenti Suma Çakrabarti ilə görüşmüş, əlaqələrin genişləndirilməsi perspektlərini müzakirə etmişdir.
1news.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə AYİB prezidenti Bankın Azərbaycandakı islahatları dəstəklədiyini vurğulayıb: "Biz Azərbaycanda aparılan islahatları dəstəkləyirik, atılan addımlar çox əhəmiyyətli və müsbətdir". Bu ilin iyun ayında ölkəmizə səfərə gələcəyini bildirən AYİB prezidenti Bankın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.
Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev 2016-cı ilin may ayında Londonda keçiriləcək AYİB-in növbəti illik toplantısı çərçivəsində investorlara Azərbaycanın ölkə təqdimatının keçiriləcəyini bildirmişdir.
AYİB prezidenti Suma Çakrabarti bu sahədə Azərbaycana hər cür dəstək göstəriləcəyini vurğulamışdır.
1news.az