İran Avropaya neft ixrac etməyə başlayıb
İran sanksiyalar ləğv olunduqdan sonra ilk dəfə Avropaya xam neft ixrac etməyə başlayıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu haqda “The Wall Street Journal”məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İran neftini Avropaya idxal edəcək ilk şirkət İsveçrənin “Glencore” şirkəti olub. Şirkət İran neftinin idxalı üçün yükləmə əməliyyatlarına başlayıb. “Glencore”nin icarəyə götürdüyü tankerə Bəsrə körfəzindəki limanda 80 min ton xam neft yüklənib.
İran Avropaya gündəlik 300 min barrel neft satmağı planlaşdırır.
Qeyd edək ki, İranın birinci vitse-prezidenti İshaq Cahangiri ölkəsinin bu ilin martında gündəlik 1,5 milyon barrel neft ixrac edəcəyini deyib:
“Hazırda İran gündəlik 1,3 milyon barrel neft ixrac edir. Lakin martda bu rəqəm 1,5 milyon barrel olacaq”.
İ.Cahangiri bildirib ki, martdan sonra isə İran gündəlik karbohidrogen ixracını 2 milyon barrelə çatdıracaq.
1news.az