Tramp İrana qarşı hərbi əməliyyatların genişləndirilməsini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi ehtimalını istisna etməyib. O, Vaşinqtonun atacağı addımların ABŞ-nin milli maraqlarına uyğun olacağını bildirib.
1news.az xəbər verir ki, Tramp bu barədə “Politico”ya telefon müsahibəsində danışıb.
İrana qarşı əməliyyatların daha da genişləndirilməsi ehtimalı ilə bağlı suala cavabında ABŞ Prezidenti bildirib ki, Vaşinqton vəziyyəti qiymətləndirəcək və ölkə üçün ən doğru hesab etdiyi addımı atacaq.
Nüvə silahından istifadə ehtimalına toxunan Tramp isə buna ehtiyac olmadığını vurğulayıb.
“Buna ehtiyacım yoxdur. Biz onları artıq 90 faiz sıradan çıxarmışıq. Ona görə də belə bir addıma ehtiyac yoxdur”, – deyə o bildirib.
Tramp İranla bağlı qəbul etdiyi qərarın uzunmüddətli perspektivdə həm ABŞ, həm də dünya üçün doğru olduğunu düşündüyünü qeyd edib. O, neft qiymətlərinin artımının İranla münaqişə ilə əlaqələndirildiyini, lakin atdığı addımların uzunmüddətli maraqlara xidmət etdiyini iddia edib.











