“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunda dəyişiklik edilib
Milli Məclis “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:
“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 714; 2015, № 2, maddə 103; Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1322-IVQD nömrəli Qanunu) aşağıdakı məzmunda 17.9-cu və 17.10-cu maddələr əlavə edilsin:
“17.9. Attestasiya olunan fövqəladə hallar orqanları əməkdaşlarına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
17.10. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır”.
Qeyd edək ki, Prezident İlham Əliyev “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 78-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 78-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
President.az