Fəth olunmayan qala: Əlincəqala bərpadan sonra - REPORTAJ
Xalqımızın qədim mədəniyyəti və tarixinin izlərini özündə yaşadan Əlincə qalasının qüdrəti, yenilməzliyi haqqında tarix kitablarından oxuyub filmlərdə görmüşük.
İndi, aradan yüzilliklərdən keçdikdən sonra hər kəs bu qalanın əzəmətini ilkin formada görə və duya biləcək. İki ildir burada aparılan bərpa işləri artıq başa çatmaq üzrədir.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bərpa işləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il fevralın 11-də imzaladığı Sərəncama əsasən başlayıb. Qala Culfa rayonunun Əlincə və Xanəgah kəndləri ətrafındakı Əlincə dağının zirvəsində yerləşir. Bərpa üçün lazım olan tikinti materialları bura əllə və digər yardımçı vasitələrlə qaldırılıb. Qalanın şərq və qərb darvazaları əvvəlki vəziyyətinə qaytarılıb, zirvəyə piyada yolu çəkilib. Bura qalxmaq üçün sərt yoxuş boyu 2 min pilləkəni dəf etmək lazımdır. Buna görə də zirvəyə nəfəs dərmədən çıxmaq çox çətindir. Yerləşdiyi qayalıq ərazi, sərt yoxuşlu yol, dəyişkən iqlim qalada bərpa işlərinin də ağır zəhmət hesabına başa gəldiyini göstərir.
Xanəgah Abidələr Kompleksinin direktoru Kamal Gülmalıyev Əlincə qalasından Atabəylər dövründə istifadə olunduğunu bildirir: "Bu qala vaxtilə Naxçıvan hakimi Zahidə xatunun iqamətgahı olub. Atabəylər dövründə Əlincə qalasının müdafiə istehkamını gücləndirmək üçün burada su gölləri və qala bürcləri tikilib. Eldəniz hökmdarlarının xəzinəsi də bu qalada saxlanılıb. Əlincə 1387-1401-ci illərdə düz 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib”.
Əlincəqala qədim mənbələrdə "Erincik", "Alancik", "Alınca" və digər adlarla qeyd olunur. Yazılı qaynaqlarda isə VI əsrdən etibarən xatırlanır. Ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Bəzi tədqiqatçılar qalanın təqribən 2 min il bundan əvvələ aid olduğunu bildirirlər.
Bərpa işləri zamanı burada evlərin qalıqları, maddi mədəniyyət nümunələri, VII və sonrakı əsrlərə aid sikkələr aşkar edilib. Qalada qayalar üzərində çapılmış 8-dən artıq su hovuzu olub. Dərinliyi 5 metr olan belə hovuzlardan biri yenidən bərpa edilib. Qaladan ətraf kəndlərin birinə gizli yolun da olduğu ehtimal edilir.
Əlincə qartal yuvasıtək əlçatmazdır. Bunu bizə qala ətrafında dövrə vuran qartallar da xatırladırdı. Qədim tariximizə toxunmaq, igidlik və yenilməzlik ruhunu duymaq istəyənlər bu qalaya mütləq gəlməli və görməlidirlər.