Ankarada baş vermiş partlayışda yaralananların 30 nəfəri evə buraxılıb – FOTO - VİDEO - YENİLƏNMƏ
Türkiyənin paytaxtında baş verən partlayışda yaralananlardan 30 nəfərinin vəziyyəti normaldır.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçular hərbi şəhərciyin yaxınlığında 3 hərbi avtomobilin yanında bomba ilə yüklənmiş avtomobili partladıblar. Partlayış o qədər güclü olub ki, səs Ankaranın hər yerindən eşidilib.
İlkin məlumatlara görə, partlayış zamanı 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb. Yaralananlardan 30-u xəstəxanalarda ilkin tibbi yardımdan sonra vəziyyətləri qənaətbəxş hesab edilib və evə buraxılıblar. Digər 31 nəfərin həyati təhlükəsinin olmadığı, müalicələrinin davam etdirildiyi bildirilib.
Bu arada, partlayışın “Volkswagen Scirocco” markalı avtomobillə həyata keçirildiyi və həmin avtomobilin 15 gün əvvəl İzmir şəhərində avtomobil kirayəsi şirkətində icarəyə götürüldüyü məlum olub.
1news.az
10:27
Türkiyənin paytaxtında baş verən güclü partlayışı törədən terrorçunun şəxsiyyəti müəyyən olunub.
1news.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu, Suriya vətəndaşı, “Demokratik ittifaq” kürd partiyasının üzvü Salih Necərdir.
Terrorçunun şəxsiyyəti əl izlərinə görə aşkar olunub.
Terrorçu terror aktının törədildiyi məkana o, avtomobil ilə gəlib və partlayıcı qurğunu işə salıb. Əməliyyat qrupu müəyyən edib ki, terrorçu avtomobildə tək deyildi, onunla əlbir olan başqa şəxs də olub.
Bununla yanaşı istintaq terrorçunun maşınında onunla bərabər gələn əlbiri olmasını istisna etmir. Terrorçunun hərəkət etdiyi “Grand Cherokee”avtomobili daha öncə Türkiyənin İzmir şəhərində oğurlanıb.
Xatırladaq ki, partlayış fevral ayının 17-də yerli vaxtla təxminən 18:30-da (Bakı vaxtı ilə 20.30) baş verib. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə 28 nəfər ölüb, 61 nəfər isə müxtəlif xəsarətlər alıb.
1news.az
9:02
Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib
1news.az RİA Novostiyə istinadən xəbər verir ki, Türkiyənin paytaxtı Ankarada baş verən terror aktı 28 nəfərin ölümü 61 nəfərin isə ciddi yaralar alması ilə nəticələnib. Bu hadisə türk hərbçilərə qarşı yönələn terror aktıdır.
Ankaradakı terror aktının partlayış anı nəzarət kameralarında qeyd olunub.
Qeyd edək ki, partlayış çərşənbə günü saat 18.31-də Ankaranın Kızılay bölgəsində Türkiyə hərbi personalını aparan nəqliyyat vasitəsi svetoforun qırmızı işığında dayandığı zaman yol ayrıcında baş verib.
Partlayış yerində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə maşınları, təcili yardım maşınları gəlib, polis ətraf əraziləri mühasirəyə alıb.
1news.az
21:30
Türkiyənin paytaxtı Ankaranın mərkəzində güclü partlayış baş verib.
1news.az-ın Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, terror aktı axşam saatlarında hərbi nəqliyyat vasitələri keçərkən törədilib.
İlkin versiyaya görə, küçədə saxlanılan avtomobildə partlayıcı qurğu işə salınıb. Nəticədə oradan keçən iki hərbi avtomobil yanmağa başlayıb.
Ankara Valiliyinin son açıqlamasına görə, hadisə nəticəsində 20-dən çox adam ölüb, xeyli sayda yaralı var. Yaralılar dərhal xəstəxanalara yerləşdiriliblər.
Ölənlərin sayının artacağı istisna edilmir.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və yanğınsöndürən maşınlar cəlb olunub.
Terrorçuların tutulması yönündə tədbirlər görülür.
1news.az