İtaliyalı rejissorun Lampeduza miqrantlarına həsr etdiyi film mükafata layiq görülüb
İtaliyalı rejissor Canfranko Rosinin Lampeduza adasına səfər edən miqrantların çətin həyatından bəhs edən “Dənizdə alov” sənədli filmi 66-cı Berlin kinofestivalının “Qızıl ayı” baş mükafatına layiq görülüb. Avropanı bürüyən qaçqın problemini əks etdirən film kino aləmində böyük əks-səda doğurub.
Film İkinci Dünya müharibəsindən bəri yaşanan ən böyük miqrant axını ilə üzləşən Avropanın müvafiq problemini bütün reallığı ilə gözlər önünə sərir. Son 20 ildə Afrikadan və Yaxın Şərqdən gələn, Avropaya keçmək istəyən minlərlə miqrantın min bir əziyyətə qatlanaraq İtaliyanın Lampeduza adasına gəlməsi və həyatı “Dənizdə alov”un ana mövzusudur. Ekran əsərində yaşananlar 12 yaşlı Lampeduza sakini Samuele Puçillonun və həkim Pietro Bartolonun dilindən ifadə olunur. Filmin rejissoru mükafatı ürəklərini adaya gələnlərə açan Lampeduza sakinlərinə həsr etdiyini deyib. “Qızıl ayı”nı alarkən Canfranko Rosi təəssüratlarını bu sözlərlə bölüşüb: “İnsanların faciələrdən qaçaraq böyük əzablar bahasına dənizi keçməyə çalışarkən həyatlarını itirmələri qəbuledilməzdir”.
Məşhur amerikalı aktrisa Meril Stripin başçılıq etdiyi münsiflər heyəti filmin mövzusundan təsirləndiklərini bildirib. M.Strip fikirlərini bu sözlərlə ifadə edib: “Kino aləmində vacib olan elementləri - aktuallığı, zəngin təsəvvürü və zəruriliyi əks etdirən bu film bütün münsifləri heyrətə gətirdi. Bu ekran əsəri bizə bir sənədli filmin necə böyük təsir gücünə malik ola biləcəyini göstərdi”.
Ən yaxşı rejissor, aktyor və aktrisa nominasiyaları üzrə isə müvafiq olaraq fransalı Mia Hansen-Love, tunisli Majd Mastour və danimarkalı Trine Dyrholm festivalın “Gümüş ayı” mükafatına layiq görülüblər.
Berlin kinofestivalının baş mükafatı ötən il “Taksi” filminə görə iranlı rejissor Cəfər Pənahiyə verilib. İtaliya isə sonuncu dəfə bu mükafatı 2012-ci ildə Yulius and Sezar Taviani qardaşlarının ekranlaşdırdığı “Sezar ölməli deyildi” filminə görə alıb.
AZƏRTAC