Qusarda “Ədəbiyyat bilicisi” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Qusar şəhərində Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirdə “Ədəbiyyat bilicisi” müsabiqəsinin rayon mərhələsinin qalibləri mükafatlandırılıb.
Rayon uşaq incəsənət məktəbində təşkil olunan toplantıda Beynəlxalq Ana Dili Gününün 1999-cu ilin noyabrında UNESCO-nun baş konfransında elan edildiyi, dilçiliyi və mədəni müxtəlifliyi, o cümlədən çoxdilliliyi təbliğ etmək üçün hər il qeyd olunduğu diqqətə çatdırılıb.
Rayon təhsil şöbəsinin nümayəndələri çıxış edərək Azərbaycan dilinin son dərəcə zənginliyini, ana dilimizi qoruyub saxlamağın və gələcək nəsillərə ərməğan etməyin hər bir Azərbaycan vətəndaşının ümdə borcu olduğunu vurğulayıblar. Bildirilib ki, respublikamızda dövlət dili Azərbaycan dilidir. Buna baxmayaraq ölkəmizdə digər azsaylı xalqların dillərinin tədrisinə də hər cür şərait yaradılıb.
Çıxışlardan sonra “Ədəbiyyat bilicisi” müsabiqəsinin rayon mərhələsinin qaliblərinə diplomlar təqdim olunub.
Tədbirdə istedadlı məktəblilər Azərbaycan, eləcə də ölkəmizdə yaşayan müxtəlif azsaylı xalqların dillərində şeirlər səsləndirib, uşaq incəsənət məktəbinin şagirdləri musiqi parçaları ifa ediblər.