Qazaxıstan neft-qaz infrastrukturlarının mühafizəsi sahəsində Azərbaycanın təcrübəsini öyrənəcək
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini – Sərhəd Xidmətinin direktoru Darxan Dilmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
1news.az-ın məlumatına görə, səfər Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyevin dəvəti ilə baş tutub.
Nümayəndə heyəti ilk olaraq ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirib, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.
Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidmətinin rəisi E.Quliyev tərəfindən qəbul ediliblər.
Görüş zamanı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidməti arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Tərəflər arasında Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin, birgə əməliyyat-profilaktik tədbirlərin keçirilməsinin, o cümlədən qeyri-leqal miqrasiyanın, narkotiklərin qanunsuz daşınmasının, qaçaqmalçılığın və digər qanunsuz fəaliyyətlərin qarşısının alınmasının vacibliyi vurğulanıb, qeyd olunan sahələr üzrə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilib.
Bununla yanaşı sahil mühafizəsində xidmətin təşkili, DSX Akademiyası və təlim mərkəzlərində Qazaxıstan Respublikasının MTK Sərhəd Xidmətinin Sahil Mühafizəsi üçün mütəxəssislərin hazırlanması, dənizdə neft-qaz infrastrukturlarının mühafizəsi sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsi və bu sahədə birgə təlimlərin keçirilməsi üzrə ikitərəfli əməkdaşlığın perspektivləri və digər maraq doğuran məsələlər müzakirə edilib.
Görüşdə həmçinin Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğu qeyd edilib, həmçinin sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində aparılmış islahatlar və əldə olunmuş nailiyyətlər barəsində Qazaxıstan nümayəndələrinə ətraflı məlumat verilib.
Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və bir sıra digər hərbi obyektlərin fəaliyyəti ilə tanış ediliblər.
1news.az