Azərbaycanda problemli kreditlərin ümumi həcmi açıqlanıb
Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) banklardakı problemli kreditlərin ümumi həcmini açıqlayıb
1news.az xəbər verir ki, jurnalistlərə açıqlamasında ABTM-in Cavanşir Abdullayev bildirib ki, hal-hazırda problemli kreditlərin həcmi 7 yox, 10 faiz təşkil edir.
“Azərbaycan Mərkəzi Bankının hesabatlarında bu həcm 7 faiz göstərilsə də, reallıqda bu göstərici 10 faiz təşkil edir”, - C.Abdullayev qeyd edib.
O, qeyd edib ki, bu göstərici restrukturizasiya edilmiş kreditlər nəzərə alınaraq müəyyənləşib.
“Bir çox banklar kreditlərin bir hissəsini restrukturizasiya edib,o cümlədən onların ödənməsi tarixini də uzadıb. Bu faktoru nəzərə aldıqda problemli kreditlərin payı artıb”, -o, deyib.
ABTM rəhbəri onu da qeyd edib ki, bu sahədə qanunvericilik lazımlı səviyyədə deyil.
“Qanunvericilik bazasında problemli kreditlərin qaytarılmasını nəzərdə tutan məsələlərdə böyük problemlər var. Biz qanunvericiliyə gərəkən dəyişiklik edilməsi ilə bağlı bir neçə dəfə müraciət etsək də, nəticəsi olmayıb”,- ABTM rəhbəri deyib.
Bununla yanaşı C.Abdullayev qeyd edib ki, problemli kreditlərin payı artarsa, bu ölkənin bank sektorunda vəziyyətin pisləşməsinə səbəb olacaq.
1news.az