Əhməd Davudoğlu: “Söhbət Türkiyənin təhlükəsizliyindən gedirsə, Ankara kimsədən icazə almır”
Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib ki, Ankara ölkənin milli təhlükəsizliyi ilə bağlı həlledici addımlar atmağa hazırdır.
Bu haqda 1news.az Türkiyənin “Anadolu” agentliyinə istinadla xəbər verir.
Hökumət başıçısı qeyd edib ki, söhbət Türkiyənin təhlükəsizliyi məsələsinə çatarsa Ankara bununla əlaqədar heç kəsdən icazə almayacaq və heç bir yerdə bu haqda müzakirələr belə keçirməyəcək, sadəcə olaraq təhlükənin sovuşması üçün müvafiq addımlar atacaq.
“Mən terror təşkilatı olan YPG və PKK-nı xəbərdar edirəm: ümid etməyin ki, düşmənçiliyin dayandırılması ilə bağlı razılaşma Türkiyənin əl-qolunu bağlayacaq və o, lazımi addımlar ata bilməyəcək. Türkiyə ərazisində terror təşkilatlarını dəstəkləməkdən əl çəkin. Atəşkəslə bağlı razılaşma Suriyaya aiddir. Türkiyənin təhlükəsizliyi ilə bağlı razılaşma yalnız Ankarada qəbul olunur”- deyə, Davudoğlu bəyan edib.
Baş nazir sözlərinə əlavə edib ki, Ankara üçün YPG elə İŞİD və ya “Əl-Nusra” kimi terror təşkilatıdır:
“Suriya ilə bağlı razılaşmada YPG-nin terror təşkilatı olması ilə bağlı məlumat qeyd olunmayıb. Bu, olmalı idi, sadəcə göstərilməyib. Lakin hər kəs bilməlidir ki, razılaşma Suriyaya aiddir. Əgər hər hansı bir ölkə Türkiyənin təhlükəsizliyini təhdid edərsə, o zaman bu razılaşma ölkəmiz üçün əhəmiyyətini itirəcək”.
1news.az