Azərbaycanlı diplomatdan erməni əsilli jurnalistə tutarlı cavab - FOTO
Argentinanın “Infobae” xəbər portalında Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Rəşad Aslanovun erməni əsilli jurnalistin yazısına cavab olaraq “Azərbaycan reallıqları” məqaləsi yayılıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Argentinadakı səfirliyindən məlumat verilib.
Məqalədə deyilir ki, fevralın 15-də “Infobae”də yayılmış yazı erməni əsilli müəllif Lukas Koussikianın Azərbaycana qarşı qərəzli mövqeyinin növbəti ifadəsidir. Azərbaycan xalqı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımının 24-cü ildönümünü qeyd edir. Beynəlxalq ictimaiyyətin diqqətini “Xocalıya ədalət!” kampaniyası və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzdən yayındırmaq məqsədilə məqalədə cəfəngiyat dolu məlumatlar yer alıb.
Məqalədə qeyd edilir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsi olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizini təşkil edən Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon işğal olunub, 1 milyondan çox azərbaycanlı etnik təmizləmə nəticəsində öz doğma torpaqlarından qovulub. Heç kimə sirr deyil ki, 1992-ci ilin fevralın 25-dən 26-sına keçən gecə ermənilər Azərbaycan şəhəri Xocalını hər tərəfdən artilleriya atəşinə məruz qoyaraq dağıtdılar və xüsusi qəddarlıqla dinc əhaliyə qarşı qırğın törətdilər. Bir gecənin içində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi hələ də naməlum qalıb. Faciə zamanı 487 nəfər Xocalı sakini ağır yaralandı, 6 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi.
Ermənistan rəhbərliyinin Xocalıda baş vermiş və münaqişə dövründə həyata keçirdiyi qanlı cinayətlər çoxsaylı müstəqil mənbə və hadisə şahidləri tərəfindən sənədləşdirilib. “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında Tomas de Vaal Xocalı qətliamının səbəblərini etiraf edən Ermənistanın hazırki prezidenti Serj Sarkisyandan sitat gətirir: “Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldırmağa qadir olmayan insanlardır. Biz bu stereotipi dağıtmağa nail olduq və bu da baş verdi”. Meksika, Pakistan, Türkiyə, Çexiya, Rumıniya, Bosniya və Herseqovina, Panama, Peru, Kolumbiya, Serbiya, İordaniya, Honduras, Sudan, Qvatemala, Paraqvay və ABŞ-ın 21ştatının qanunverici orqanları tərəfindən Xocalıda törədilmiş soyqırımı və insanlıq əleyhinə digər cinayətləri pisləyən sənədlər qəbul olunub.
Erməni hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri, BMT Baş Assambleyasının 2008-ci il 62/243 saylı qətnaməsi, ATƏT, AŞPA, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənəd və qətnamələr Ermənistan tərəfindən icra edilmir. Torpaqlarının 20 ildən artıq bir müddətdə Ermənistanın hərbi işğalında olmasına baxmayaraq, Azərbaycan hələ də münaqişənin sülh yolu həlli istiqamətində səylərini davam etdirir.
Çoxsaylı mülki vətəndaşların və siyasətçilərin qətli ilə uzun illərdir ki, hakimiyyəti qəsb etmiş və ölkəni müflis səviyyəsinə çatdırmış Ermənistanın hərbi-oliqarxik repressiv diktatura rejimi öz ölkəsində ağır vəziyyətdən diqqəti yayındırmaq üçün təcavüz siyasətindən əl çəkmir. Yoxsulluq və iqtisadi problemlər səbəbindən hər il daha çox insan azad və rahat həyat axtarışında Ermənistanı tərk edir.
Azərbaycanda isə müəllifin söylədiklərinin tam əksi olan reallıq mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə atıb, ölkəmizin ticarət tərəfdaşlarının sayı 150-yə çatıb, ticarət və iqtisadi tərəfdaşlıq barədə 60-dan çox ikitərəfli müqavilə imzalanıb, xarici ticarət 4,3 dəfə artıb. İşsizlik səviyyəsi 2001-ci ildəki 50 faiz ilə müqayisədə 2015-ci ildə 5 faiz olub. 2015-ci ildə qeyri-neft sektorunda 8,4 faiz iqtisadi artım qeydə alınıb. Dünyada baş verən iqtisadi və maliyyə böhranı fonunda Azərbaycan iqtisadiyyatı öz artım tendensiyasını qorumaqdadır.
1news.az