Yanacaqdoldurma məntəqəsində mühafizəçini döyən İsa Əzizov azadlığa buraxılıb – FOTO
Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə həbs olunan İsa Əzizov və Mahir İsgəndərov azadlığa buraxılıblar.
1news.az-ın məlumatına görə, onlar barələrində seçilmiş 30 sutka inzibati həbs müddəti başa çatıb və onlar fevralın 25-də həbsdən azad ediliblər.
Xatırladaq ki, hər iki şəxs Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən insidentə görə həbs ediliblər.
Belə ki, məşhur generalın qohumları yanvarın 25-i gecə saatlarında radələrində 90-HN-999 dövlət nömrə nişanlı (məlum olub ki, hazırki nömrə digər avtomobilə qeydiyyatda olsa da, zaman-zaman müxtəlif nəqliyyat vasitələrinə “yerləşdirilir”) “Bentley” avtomobili ilə paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəliblər.
Yanacaqdoldurma məntəqəsinin işçisinə maşının benzin bakını doldurmağı xahiş edən cavanlardan biri avtomobilin pəncərəsindən ona 100 manat uzadır. Yanacaq dolduran işçi bildirir ki, həmin pulu xırdalamağa vəsait yoxdur və onlardan bir qədər gözləməyi xahiş edir. Lakin bu davranış “Bentley” sərnişinlərinin xoşuna gəlmir və onlar gənclə mübahisə etməyə başlayırlar.
Hadisəni aydınlaşadırmaq üçün yanacaqdoldurma məntəqəsinin mühafizəçisi Sadiq Bağırov maşına yaxınlaşır və nəzakətlə onlardan xahiş edir ki, işçi pulu xırdalayana qədər bir az gözləsinlər. Lakin bu, qalmaqalçıları daha da özündən çıxarır və onlar maşından çıxaraq mühafizəçini döyərək hadisə yerini tərk ediblər.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar. Nəsimi rayon Məhkəməsinin qərarı ilə İsa Əzizov və Mahir İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb.
Saxlanılanlardan İ.Əzizov Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qohumudur.
1news.az
Mövzu ilə bağlı:
"Mən halal yolla çörək pulu qazanan adamam, onlar isə generalın qohumu"
Bakıdakı yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən idmançılar həbs olunub
DİN İsa Əzizovun saxlandığı təcridxanada aşağılandığı barədə məlumatlara aydınlıq gətirib