"Təmiz Şəhər" daha bir sosial layihə həyata keçirdi
"Təmiz Şəhər" ASC "Kaspi" liseyində ustad dərsləri təşkil edərək şagirdlərə tullantılardan alternativ formada istifadə qaydalarını öyrədib.
1news.az-a "Təmiz Şəhər" ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, uşaqlar məişətdə əmələ gələn istifadə olunub və lazımsız hesab olunan materiallardan müxtəlif əşyalar hazırlayıblar.
Belə dərslərinin keçirilməsində məqsəd şagirdlərə tullantıların azaldılması və təkrar istifadəsi vərdişlərinin aşılanması, həmçinin lazımsız hesab edilən materiallardan yararlı və faydalı əşyalar hazırlanmasını və istifadəsinin mümkünlüyünü təbliğ etməkdir.
“Təmiz Şəhər” ASC və “Kaspi” liseyi tullantıların idarə olunması və məktəblilərin maarifləndirilməsi istiqamətində bir neçə aydır ki əməkdaşlığa başlayıb. "Təmiz Şəhər" ASC "Kaspi”nin Sabunçu rayonunda yerləşən filialında xüsusi tullantı qutuları yerləşdirərək buradakı kağız və plastik materialların çeşidlənmiş formada yığımını həyata keçirir. Son 2 ay ərzində həmin qutulardan 500 kiloqrama yaxın makulatura yığılıb. Bu makulatura yenidən kağız hazırlanması üçün təkrar emala yönəldilib. 100 kiloqram makulaturadan alınan kağızın 1 ağacdan hazırlanan kağıza bərabər olduğunu nəzərə alsaq “Kaspi” liseyinin şagirdlərinin 5 ağacı kəsilməkdən xilas etdiyini demək olar.
Artıq liseyin Xətai rayonunda yerləşən filialında da bu cür qutular yerləşdirilib və tullantıların çeşidlənmiş formada toplanmasına başlanılıb. Bununla, yığılan makulaturanın və xilas ediləcək ağacların sayı da artacaq.
1news.az