2015-ci ildə BTC kəməri ilə 35 milyon ton xam neft ixrac olunub
2015-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri – BTC vasitəsilə təqribən 35 milyon ton (262,8 milyon barrel) xam neft ixrac olunub və bu neft Ceyhan limanında 361 tankerə yüklənib.
1news.az-a “BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır.
Həmin vaxtdan indiyədək BTC ilə nəql edilmiş ümumilikdə təxminən 2,36 milyard barrel (315 milyon ton) xam neft nəql edilib və Ceyhan limanında 3 min 112 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
Ötən il BTC üzrə əməliyyat xərclərinə təqribən 155 milyon dollar, əsaslı xərclərə isə 57 milyon dollar xərclənib.
BTC Ko.-nun səhmdarları: BP (30,10 faiz), AzBTC (25,00 faiz), Şevron (8,90 faiz), Statoyl (8,71 faiz), TPAO (6,53 faiz), ENİ (5,00 faiz), Total (5,00 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), KonokoFillips (2,50 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.
1news.az