İqtisadiyyat naziri Çinin ölkəmizdəki səfirini qəbul edib
İqtisadiyyat naziri Şahin Mustafayev Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuinu qəbul edib.
1news.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Çin arasında siyasi-iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində xüsusi rolunu vurğulayıb.
Azərbaycan-Çin iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu bildirib, Çinlə sənaye, kimya, kənd təsərrüfatı, turizm, İKT və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Bundan başqa, Çin şirkətlərinin Azərbaycanda yaradılan Sumqayıt Kimya Sənaye Parkında fəaliyyəti üçün də geniş potensial mövcuddur.
Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, Azərbaycan Respublikası Prezidentinin ötən il Çinə səfəri çərçivəsində keçirilmiş görüşlərin və imzalanmış sənədlərin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. Səfir Xun Tsyuin iqtisadi əlaqələrin inkişaf perspektivlərinə dair fikirlərini bölüşmüş, görüşdə səsləndirilən təkliflərin potensial investorlara çatdırılacağını bildirmişdir.
İqtisadiyyat naziri Şahin Mustafayev Çin Xalq Respublikasının Kommersiya nazirini və iş adamlarını ölkəmizə səfərə dəvət etmişdir.
1news.az