Əbülfəs Qarayev Braziliya Senatının komitə sədrini qəbul edib - FOTO
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Braziliya Senatının komitə sədri Kristovam Buarkenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
1news.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Senator Azərbaycanın mədəniyyət sahəsindəki fəaliyyətini alqışlayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərə xüsusi maraq göstərdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan mədəniyyəti beynəlxalq aləmdə yüksək səviyyədə təbliğ olunur, multikulturalizm və tolerantlıq nümunəsi kimi dünyaya səs salır.
Nazir görüşdə 25-27 apreldə Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, 2008-ci ildən təşkil olunan Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib. Nazir, həmçinin nümayəndə heyətinin rəhbərini 7-ci Qlobal Foruma və 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Görüşün sonunda gələcəkdə mədəniyyətlərarası dialoq sahəsində birgə layihələrin həyata keçirilməsinin faydalı olacağı vurğulanıb.
1news.az