Tbilisidə azərbaycanlı və gürcü rəssamların əsərlərindən ibarət “Dostluq” sərgisi açılıb - FOTO
Gürcüstan Parlamenti Milli Kitabxanasının sərgi salonunda azərbaycanlı və gürcü rəssamların əsərlərindən ibarət “Dostluq” sərgisi açılıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbər görə, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkil etdiyi sərgidə 36 rəssamın 200-dək əsəri nümayiş olunur.
Parlament Kitabxanasının rəhbəri Mirian Xoşitaşvili deyib ki, bu cür tədbirlərin təşkili Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına xidmət edir.
M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəhbəri Leyla Əliyeva bildirib ki, sərgini təşkil etməkdə məqsəd xalqlarımız arasındakı dostluq münasibətlərini daha möhkəmləndirməkdir. Sərgidə 10 azərbaycanlı, 26 gürcü rəssamın rəsm, heykəltəraşlıq və xalçaçılıq əsərləri nümayiş olunur.
Azərbaycanlı rəssam Əli İsayev, “Firosmon” təşkilatının vitse-prezidenti Cemal Qoqişvili və başqaları çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.
Sərgi salonunda Muzeydə fəaliyyət göstərən Azərbaycan musiqi qrupu xalq və bəstəkar mahnılarımızı səsləndiriblər.
İyirmi gün davam edəcək sərginin açılışında Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin, Azərbaycan səfirliyinin əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
1news.az