Kaxa Kaladze: "Ötən həftə SOCAR-la çox vacib saziş imzalanıb"
"Ötən həftə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə çox vacib sazişlər imzalanıb və bunu alqışlamaq lazımdır".
1news.az "Report"-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentində çıxışında bu ölkənin baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze qeyd edib.
"Son aylarda qaz təchizatı çox aktual mövzu olmuşdur. Gürcüstanın təbii qazla təminatı və tələbatının ödənilməsi üçün Energetika Nazirliyi bir neçə cəbhədə danışıqlar aparıb. Ötən həftə isə SOCAR-la çox vacib saziş imzalanıb. Bu danışıqlarda iştirak edən bütün əməkdaşlara təşəkkür edirəm. Bunlar sadə danışıqlar deyil, bir neçə aylıq proses olub. Ən əsası və vacibi odur ki, biz hər vətəndaş üçün əhəmiyyətli olan yekun nəticə əldə edə bildik", - deyə nazir vurğulayıb.
K.Kaladze əlavə edib ki, SOCAR-la sazişin imzalanması nəticəsində Gürcüstan Cənubi Qafqaz Boru Kəməri ilə "Şahdəniz" yatağından əlavə həcmdə qaz alacaq.
O, həmçinin Rusiyanın "Qazprom" şirkəti ilə yaxın günlərdə sazişin imzalanacağını bildirib. Nazir qeyd edib ki, əvvəlki kimi Ermənistana Rusiya qazının nəqlinə görə tranzit haqqı olaraq 10% təbii qaz alınacaq.
1news.az