Bu günə qədər Səyyar ASAN xidmət 500 minə yaxın vətəndaşa xidmət göstərib - FOTO
Səyyar ASAN xidmət regionlarda fəaliyyətini davam etdirir.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) 1news.az-a verilən məlumata görə, Səyyar ASAN xidmətin xüsusi avadanlıqlarla təchiz olunmuş 10 avtobusu vətəndaşların xidmətlərdən yararlanmaları üçün mart ayı ərzində aşağıdakı regionlarda əhaliyə xidmətlər göstərəcək:
Ağdaş, Goranboy, Masallı, Kürdəmir, Quba, Qəbələ, Siyəzən, Suraxanı, Xırdalan.
Bununla yanaşı bir Səyyar ASAN xidmət avtobusu “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası çərçivəsində məktəblilərə şəxsiyyət vəsiqələrinin verilməsi xidmətini həyata keçirir. Bu aksiya Bakı şəhərində yerləşən bütün məktəbləri əhatə edənə qədər davam edəcək. Bunun üçün də gələn həftədən etibarən məktəblilərin ödənişsiz şəxsiyyət vəsiqələrini daha operativ və rahat əldə etməsi məqsədilə əlavə Səyyar ASAN avtobusunun bu aksiyaya cəlb olunması nəzərdə tutulub.
Qeyd edək ki, “Sənədsiz məktəbli qalmasın” aksiyası çərçivəsində bugünədək 3 minə yaxın məktəbliyə şəxsiyyət vəsiqəsinin verilməsi təmin olunub. Ümumilikdə isə 2013-cü ildən bu günədək Səyyar ASAN xidmət vasitəsilə 500 minə yaxın vətəndaşa səyyar formada xidmət göstərilib.
Xatırladaq ki, Səyyar ASAN xidmət 2013-cü ildə 2 avtobusla fəaliyyətə başlayıb. Daha sonra Prezident İlham Əliyevin tapşırığına əsasən əlavə xüsusi avadanlıqlarla təchiz olunmuş 8 avtobus alınaraq avtobusların sayı 10-na çatdırılıb. Bununla da, Səyyar ASAN xidmətin ölkənin bütün regionlarını əhatə etməsi təmin olunub. Belə ki, Səyyar ASAN xidmətin avtobusları dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərir.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
1news.az