DİN-in səyyar xidməti 2 minə yaxın vətəndaşa şəxsiyyət vəsiqələri verib
Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə şəhər və rayonlarda şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.
1news.az-ın məlumatına görə, işin səmərəliliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə növbəti belə tədbirlər respublikanın Neftçala və Tərtər, həmçinin paytaxtın Binəqədi, Qaradağ, Xəzər rayonlarının polis şöbə və idarələrinin müvafiq qurumlarının əməkdaşlarının da iştirakları ilə həmin rayonlarda baş tutub.
Keçirilmiş səyyar xidmətlər zamanı Binəqədi rayonunda 188, Müşfiqabad qəsəbəsində 383, Biləcəri qəsəbəsində 740, Şüvəlan və Binə qəsəbələrində 330, eyni zamanda, Neftçala rayonunda 92, Tərtər rayonunun Qapanlı və Yuxarı Qaradağlı kəndlərində 250 vətəndaşın, ümumilikdə, 2 minə yaxın vətəndaşın müvafiq sənədləri qəbul edilib.
Qeyd edək ki, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikanın digər bölgələrində də davam etdirilir.
1news.az