Vyanada Novruz bayramı münasibətilə konsert keçirilib
Martın 9-da Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, tədbirdə Avstriyanın dövlət və hökumət nümayəndələri, Vyanada akkreditə olmuş diplomatik korpusun təmsilçiləri, bu ölkədə yaşayan həmvətənlərimiz və avstriyalı qonaqlar iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbiri giriş sözü ilə açaraq, qonaqlara baharın müjdəçisi olan Novruz bayramı haqqında məlumat verib.
O bildirib ki, Novruz Azərbaycan xalqının ən qədim və əziz bayramı kimi bir sıra özünəməxsus adət-ənənələrə malikdir. Elə bu səbəbdəndir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib.
L.Qasımova Novruz bayramına xas elementlərdən də bəhs edib. O qeyd edib ki, Novruz bayramı hər il Azərbaycanda kiçikdən-böyüyə hamı tərəfindən səbirsizliklə gözlənilir. Sülh, əmin-amanlıq və sevgi bayramı olan Novruzda bütün incikliklər köhnə ildə qalır, küsülülər barışır, qohumlar, dostlar bir-birini təbrik edir, insanlar əsl bayram əhval-ruhiyyəsində olurlar.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov Novruz bayramının xalqımızın ən qədim bayramlarından biri kimi ölkəmizin hüdudlarından kənarda da həmvətənlərimiz tərəfindən geniş qeyd edildiyini bildirib. O vurğulayıb ki, bu bayramı qeyd etməklə soydaşlarımız azərbaycançılıq dəyərləri ətrafında daha sıx birləşir, həm də mədəniyyətimizi yaşadıqları ölkələrin ictimaiyyətinə yaxından tanıtmaq imkanı əldə edirlər. Səfir soydaşlarımızı yerli ictimaiyyətlə əlaqələri inkişaf etdirməyə, diaspor fəaliyyətini və ölkəmizin təbliğatını bundan sonra da genişləndirməyə çağırıb.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi qrupu bayram konserti ilə çıxış edib. Universitetin müəllimi, Azərbaycan Respublikasının Əməkdar Artisti, xanəndə Teyyub Aslanov, xanəndələr Günay Mehtiyeva və Murad Kəngərli Azərbaycan xalq mahnılarını, muğam və təsniflərini, universitetin tələbələri Cəmilə Məmmədova, Nərgiz Məmmədova, Akif Kərimli və Seymur Nəbizadə isə “Naxçıvani”, “Dərbəndi”, “Qaytağı”, “Yallı” rəqslərini məharətlə ifa ediblər.
Konsertdən sonra qonaqlara Azərbaycan milli şirniyyatlarından ibarət bayram hədiyyələri paylanılıb.
1news.az