Sabirabad və Qax rayonlarının iki kəndinə təbii qaz verilib
Martın 11-də Qax rayonunun Zəyəm və Sabirabad rayonunun Cəngan kəndlərinə ilk dəfə təbii qaz verilib.
1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilmişdir ki, Qax rayonunun 366 abonentə malik Zəyəm kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 3897 metr uzunluğunda müxtəlif diametrli polietilen və 17452 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 366 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Sabirabad rayonunun 381 abonenti olan Cəngan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 30000 metrdən artıq müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, 381 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
1news.az