Qlobal Forum iştirakçıları Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya regionunun təhlükəsizlik məsələlərini müzakirə edir
Cümə günü Bakıda keçirilən “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu işini davam etdirir.
1news.az-ın verdiyi xəbərə görə, bu gün “İran və Əfqanıstan: Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya regionunda regional təhlükəsizliyin əsasları” mövzusu müzakirə olunub.
Tədbirdə çıxış edən Gürcüstanın sabiq baş nazirin müavini Ela Tkeşelaşvili qeyd edib ki, Azərbaycan regionda aparıcı ölkələrdən biridir.
Onun sözlərinə görə, İrandan sanksiyaların ləğv edilməsi region ölkələri ilə ticarət əlaqlərinin inkişafına təkan verəcək:
“Qafqaz ölkələri İrandan sanksiyaların ləğv edilməsini müsbət hal olaraq qiymətləndirir”.
“Biz, həmçinin Əfqanıstandakı vəziyyətin yaxşılaşması üçün öz töhfəmizi verməliyik” – o, sözlərinə əlavə etdi.
Rusiya ilə Türkiyə arasındakı gərginliklərə toxunaraq o bildirdi ki, bu vəziyyət Qara dəniz regionuna təsir edə bilər.
Livanın keçmiş baş naziri Fuad Sinyora bildirib ki, İranın Yaxın Şərqə təsiri bir sıra ölkələrin sabitliyinin pozulmasına gətirib çıxara bilər.
“İran ərəb dünyasına hakimlik edə bilməz, ərəb dünyası da İranı təcrid etmək istəmir”, - deyərək o, İran ilə ərəb ölkələri arasındakı gərginliyin daha da dərinləşməsini qeyd etdi.
Həmçinin o qeyd etdi ki, İran və ərəb ölkələri neftin qiymətinin aşağı düşməsindən istifadə edərək ölkələrinin iqtisadiyyatını inkişaf etdirməlidirlər:
“Bu regionda 500 milyondan çox insan yaşayır və burada yaxşı əməkdaşlıq qurmaq olar”.
F.Sinyora həmçinin qeyd edib ki, sünni və şiələr bir zamanlar katolik və protestanlar kimi razılığı gəlməldirlər.
Suriyadakı vəziyyətə toxunan F.Sinyora qeyd edib ki, Rusiya tərəfindən hava zərbələri İŞİD-ə deyil, əsasən üsyançılara yönəlib.
İtaliyanın sabiq XİN rəhbəri Franko Frattini isə bildirib ki, İranın hakim deyil, regional qüvvə sərf etməsinin zamanı gəlib.
Pakistanın sabiq baş naziri Şaukat Əziz bildirib ki, İrana qarşı sanksiyalar qeyri-stabil mühitin formalaşmasına gətirib çıxarıb:
“Dünyada hər kəslə, hətta müharibə etdiyin ölkələrlə də ünsiyyət qura bilərsən”.
O qeyd edib ki, heç bir ölkə təcrid edilməməlidir:
“Bütün dünya bilir ki, İran regional gücdür, onunla hesablaşmaq lazımdır. İrandakı demokrtatiya regiondakılardan ən yaxşısıdır. Seçkilər nəticəsində onlar hakimiyyəti dəyişdilər və dünyaya sübut etdilər ki, müsbət istiqamətdə addımlayırlar. Əgər İranla ümumi dil tapılsa, o zaman onunla yaxşı əməkdaşlıq qurmaq da olar”.
Əfqanıstan haqda danışaraq Ş.Əziz qeyd edib ki, ölkə öz iqtisadiyyatına diqqət ayıraraq inkişaf etməldir:
“Alternativ iqtisadiyyat yaranmayana qədər narkotik ticarəti inkişaf edəcək. Əfqanıstan rəhbərliyi kənd təsərrüfatının inkişafına daha çox diqqət ayırmalıdır”.
Xatırladaq ki, Forumda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Eləcə də Forumda Albaniya, Manteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan prezidentləri ilə bərabər, 27 sabiq prezident və 23 sabiq baş nazir də iştirak edir.
İki gün davam edəcək Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq.
Sayca üçüncü olan ötəndəfəki Qlobal Forum keçən ilin aprelində keçirilib. “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan Forumda 350-dən çox nümayəndə iştirak edib.
İkinci forum isə 2014-cü ilin aprelində keçirilib. Forum dünya çağırışına həsr olunmuşdu. İlk forum isə qadın hüquqlarına həsr olunmuşdu və 2013-cü ilin mayında keçirilib. Bütün keçirilmiş forumlarda Prezident İlham Əliyev iştirakçılar qarşısında nitq ilə çıxış edib.
1news.az