Stepan Mesiç: Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verir
Bu gün dünya həlli çətin problemlərlə üz-üzədir. Bu problemlərin aradan qaldırılması yolları axtarılır. Dünyada hökm sürən böhranlar bir-biri ilə əlaqəlidir. Belə problemləri Qlobal Bakı Forumu kimi mühüm beynəlxalq tədbirlərdə müzakirələr aparmaqla həll etmək olar.
Bu fikirləri IV Qlobal Bakı Forumunda iştirak edən Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç jurnalistlərə müsahibəsində deyib.
Sabiq Prezident bildirib ki, müasir dövrdə insanlar bir-biriləri ilə internet və ya başqa kommunikasiya vasitələri ilə əlaqə saxlaya bilirlər. Lakin bir araya gəlmək, bəşəriyyətin qarşılaşdığı problemləri birgə müzakirə etmək, həll yollarını birlikdə axtarmaq çox vacibdir. Qlobal Bakı Forumu məhz bir yerə toplaşıb vəziyyətdən çıxış yolları axtarmağa, problemlərin həllini tapmağa şərait yaradır. Buna görə də bu Forum böyük əhəmiyyətə malikdir. Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm, inteqrasiya, enerji və qlobal idarəçiliyin perspektivləri, qlobal təhlükəsizliyin təmin olunması kimi aktuallıq kəsb edən məsələlər müzakirə olundu.
Stepan Mesiç Azərbaycanda multikulturalizmin inkişaf etdiyini, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.
Sabiq Prezident Azərbaycan-Xorvatiya əlaqələrinə toxunaraq, xüsusilə enerji sahəsində əməkdaşlığın önəmini qeyd edib. O, ölkələrimiz arasındakı münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə inandığını deyib.
AZƏRTAC