Linda Lanzilotta: Bakı Forumunda dünyanı narahat edən problemlərin həllinə dair səmərəli müzakirələr aparıldı
Dördüncü Qlobal Bakı Forumunda dünyanı narahat edən çox önəmli məsələlər müzakirə edildi, problemlərin həlli yollarına dair mühüm ideya və təkliflər səsləndirildi.
Bu fikirləri İtaliya Senatının vitse-prezidenti Linda Lanzilotta jurnalistlərə müsahibəsində bildirib. O deyib ki, Forumda bu qədər nüfuzlu şəxslərin iştirakı, gündəliyin zənginliyi tədbirin uğurundan xəbər verir. Müxtəlif ölkələrdən yüksək səviyyəli rəsmi nümayəndələrin fərqli yanaşmalar ortaya qoyması problemlərin həllində önəmli rol oynayır. Bu Forum bəşəriyyətin inkişafı naminə yeni fikirlərin irəli sürülməsi üçün mühüm platformadır.
Azərbaycan-İtaliya münasibətlərindən danışan vitse-prezident əlaqələrin inkişaf etdiyini, yeni təşəbbüslərin ölkələrimizi daha da yaxınlaşdırdığını vurğulayıb. O, Azərbaycanın “Milan Expo 2015” sərgisində uğurla təmsil olunduğunu bildirib.
Linda Lanzilotta Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələrin, mənəvi dəyərlərin qorunması istiqamətində göstərdiyi dəstəyin ölkəsində yüksək qiymətləndirildiyini vurğulayıb.
AZƏRTAC