Parisdə “Qubanın 12 daşı” kitabının təqdimatı keçirilib - FOTO
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin və Azərbaycanın Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə Fransa Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının (CRİF) icra bürosunun üzvü Jan-Pyer Allalinin “Qubanın 12 daşı” adlı kitabının təqdimat mərasimi keçirilib.
1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tədbiri giriş sözü ilə açaraq ölkəmizə, onun zəngin tarixinə, mədəniyyətinə, dini, etnik rəngarəngliyinə kitab həsr etdiyinə görə müəllifə təşəkkür edib.
2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini vurğulayan E. Əmirbəyov bu il aprelin sonunda Bakının müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu təşviq etmək məqsədi daşıyan BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edəcəyini bildirib.
O qeyd edib ki, bir çox dövlət və hökumət rəhbərləri, eləcə də BMT-nin baş katibi artıq forumda iştiraklarını təsdiqləyiblər. Səfir bildirib ki, Jan-Pyer Allalinin “Qubanın 12 daşı” romanının təqdimatı da məhz ölkəmizdə multikulturalizm ili çərçivəsində keçirilən tədbirlərdən biridir.
Diplomat ölkəmizdəkı yəhudi icması haqqında geniş məlumat verərək, onların Azərbaycanda yaşayan digər etnik qruplar kimi bərabər hüquqlara və azadlıqlara malik olduqlarını vurğulayıb. O deyib ki, bütün əhali kimi, yəhudilərin də hüquqları qanun və Konstitusiya ilə qorunur. Yəhudilər sinaqoqlarda dini mərasimlərini tam azad şəkildə həyata keçirirlər.
Diqqətə çatdırılıb ki, Azərbaycanda müxtəlif dini, milli qruplara dillərini, mədəniyyətlərini və adət-ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək üçün bütün şərait yaradılıb.
Ölkəmizdə multikulturalizmə, birgə yaşayış anlayışına böyük önəm verildiyini qeyd edən səfir Azərbaycanın Böyük İpək Yolu üzərində yerləşdiyini, Şərqlə Qərb arasında körpü rolu oynadığını deyib. İpək Yolu üzərində yerləşməsinin ölkəmizdə müxtəlif xalqları, etnik qrupları və dinləri birləşdirən zəngin mədəniyyətin formalaşmasına verdiyi töhfələrdən söz açıb.
Əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanda heç vaxt milli və dini ayrı-seçkiliyin, antisemitizm əlamətlərinin olmadığı, məscid, sinaqoq və kilsələrin bir-birinin yanında yerləşdiyi vurğulanıb. Azərbaycanlılara məxsus bu xüsusiyyətlər sayəsində ölkəmizdə sabit və tolerant cəmiyyətin yarandığı qeyd olunub.
Sonra E.Əmirbəyov kitab haqqında təəssüratlarını bölüşmək üçün Azərbaycanın dostu, yazıçı Jan Lui Quroya söz verib.
Jan Lui Quro “Qubanın 12 daşı” romanında ölkəmizin tarixi, coğrafiyası və mətbəxi haqqında ətraflı məlumat verildiyini bildirərək, onun Azərbaycanı tanımayanlar üçün bir bələdçi olduğunu qeyd edib. Fransız yazıçı ölkəmizdə yaşayan müxtəlif etnik qrupların dinlərinə eyni münasibət bəsləndiyini, Heydər Əliyev Fondunun Vatikana Romada yerləşən xristian arxeoloji xəzinəsinin bərpası üçün verdiyi dəstəyin buna əyani nümunə olduğunu bildirib. O, “Əli və Nino” romanı haqqında məlumat verərək, onun da ölkəmizdəki dini tolerantlığı əks etdirdiyini vurğulayıb.
Daha sonra Jan Pyer Allali Azərbaycana ilk səfərindən və həmin vaxtdan ölkəmizə olan sevgisindən danışıb. Ölkəmizdə hökm sürən tolerantlıq mühitindən ilhamlanaraq bu romanı ərsəyə gətirdiyini bildirib.
Sonda mərasiminin təşkilatçılarına təşəkkürünü bildirən müəllif imzalı kitabını iştirakçılara təqdim edib.
1news.az